“Pandemiya dövründə imtahan verən abituriyentlərin nəticələri çox aşağıdır” - Ekspert 

17:39 27.07.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu həftə Dövlət İmtahan Mərkəzi növbəti buraxılış (qəbul) imtahanları təşkil edəcək. İmtahanlar 29-30 iyul tarixlərində respublikanın 20 şəhər və rayonunda keçiriləcək. Mərkəzdən hafta.az-a verilən məlumata görə, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. Bundan başqa iştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. Artıq imtahanda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından iyunun 26-dan etibarən çap edib götürə bilirlər. İmtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

Qeyd edək ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 135 imtahan binası, 2131 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 135 ümumi imtahan rəhbəri, 362 imtahan rəhbəri, 2826 nəzarətçi–müəllim, 270 buraxılışı təşkil edən əməkdaş, 135 bina nümayəndəsi ayrılıb. 29-30 iyulda müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər üçün də imtahanlar keçiriləcək. İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 134 şagird iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

İyulun 29-da keçiriləcək imtahanlarda 13809, iyulun 30-da keçiriləcək imtahanlarda isə 14115 nəfər olmaqla, ümumilikdə 27924 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.

DİM-dən həmçinin vurğulanıb ki, imtahan günündən 2 gün əvvəl Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilir. Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

Pandemiya şəraitində imtahanların təşkilini və prosesin gedişatını hafta.az-a şərh edən təhsil eksperti Kamran Əsədov deyib ki, ümumiyyətlə, koronavirus dünyada təhsil sisteminə  təsirsiz qalmayıb:

“İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilmədi, sadəcə proseslərin arxasınca getmişdir. Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra, təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başladı. Dövlətimizin pandemiyaya qarşı mübarizədə addımları əsasən 3 istiqaməti əhatə edir. Belə ki, birincisi, virusun yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması  istiqamətində addımları, ikincisi, pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı dalğalanmanın təsirlərinin minimallaşdırılması, sosialyönümlü paketlər, üçüncüsü isə pandemiya ilə mübarizədə beynəlxalq səylərə dəstək, bu məzmunda qlobal dialoqun və əməkdaşlığın təşkilidir. Bu istiqamətdə təhsil sistemi daha aparıcı mövqeyə malik oldu. Belə ki, ilk mərhələdə martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mərhələlərlə tədris ilinin sonunadək dayandırıldı. Bu da ölkəmizdə virusa yoluxanların sayının digər dünya ölkələri ilə müqayisədə az olmasına gətirib çıxardı. Çünki ölkə təhsili öz ətrafında 2 milyondan çox şəxsi birləşdirir və gün ərzində təhsil müəssisələrinə bu qədər insan daxil olur”.

Ekspert həmçinin vurğulayıb ki, 2020-ci ili abuturiyentlər üçün olduqca uğursuz il saymaq olar: “Məlum olduğu kimi, mart ayının 3-dən orta məktəblərdə dərslər dayandı, ardınca onların qəbul və buraxılış imtahanlarında nəticə əldə etməsinə birbaşa təsir edən hazırlıq kursları və repititorluğun fəaliyyətinə məhdudiyyət tətbiq edildi və nəticədə şagirdlər normal dərsdən geri qaldılar. Həmin ərəfədə karantin səbəbi ilə imtahanlar təxirə salındı. Bəli, insanların sağıamlığı hər şeydən önəmlidir. Amma düşünürəm ki, qaydalara əməl edilməklə imtahanların təşkili mümkün idi. Son qərar şagirdlərə olduqca böyük psixoloji sarsıntı yaratdı. Artıq onların özlərinə olan inamı aşağı düşdü. Məhz bu amil omların qəbul imtahanlarındakı nəticələrə ciddi şəkildə təsir edəcəkdir. Hətta biz 9,10,18 və 19 iyunda keçirilən buraxılış imtahanlarında şagirdlərin nəticələrini təhlil edəndə onların əvvəlki illərlə müqayisədə zəif yazdıqlarının şahidi olduq. Artıq növbəti aydan qəbul imtahanları başlayır. Amma şagirdlər 3 martdan etibarən tədris prosesindən kənarda qaldıqları üçün bır sıra bilik və bacarıqları unudublar.

Pandemiya dövründə imtahan verən abituriyentlərin nəticələri çox aşağıdır”.

Sosial rubrikasından digər xəbərlər